Ayaz Əsgərov Prezident İlham Əliyevi təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. 1961-ci il dekabrın 24-də Bakıda anadan olan İlham Əliyev 6 saylı orta məktəbdə təhsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirəndən sonra 1985-1990-cı illərdə bu İnstitutda müəllim kimi çalışıb. 1994-cü ildən 2003-cü ilədək Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olub, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2003-cü ildə Azərbaycanın Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.
O, 1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev 2013-cü ildə üçüncü müddətə prezident seçilib və hazırda prezident vəzifəsini icra edir.
“Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurudur”
Son 15 ildə dövlətimizin başçısı İlham Əliyevin səyləri nəticəsində Azərbaycan siyasi və iqtisadi cəhətdən xeyli inkişaf edib, beynəlxalq aləmdə ölkəmizin mövqeləri güclənib.
Azərbaycan əhalisinin rifahı yüksəlib: “Bu dəyişikliklər hər birimizin gözü önündə baş verib. Hazırda Azərbaycan vətəndaşları müasir həyat standartlarına uyğun yaşayırlar. Vaxtilə Azərbaycanda insanlar yalnız yaşamaq haqqında düşünürdülərsə, indi yaxşı yaşamaq haqqında düşünürlər. Bu, o deməkdir ki, insanların həyatında müsbət dəyişikliklər baş verir. Bugünkü hökumət insanların yaxşı yaşamaları üçün hər cür şərait yaradıb. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurudur. Hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir”.
İnsanlar inanırlar ki, qarşıdakı illərdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcəkdir: “Bakı gözlərimizin qarşısında dünyanın mədəni mərkəzlərindən birinə çevrilir, siyasi, humanitar forumların və yüksək səviyyəli tədbirlərin keçirildiyi bir məkan kimi qavranılır, getdikcə daha çox sayda beynəlxalq təşkilatlar öz tədbirlərini paytaxtımızda keçirmək qənaətinə gəlirlər. Bunların hamısı, eyni zamanda, Azərbaycana özünü dünyaya təqdim etmək, öz imici ilə tanınmaq fürsəti verir. Hesab edirəm ki, bu, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin çox mühüm uğurlarından biri sayıla bilər. İndi dünya kiçik Azərbaycanı sürətlə inkişaf edən, modernləşən, yeniləşən, müasir dünyanın vacib dövləti kimi tanıyır və bu, eyni zamanda, hər bir Azərbaycan vətəndaşının vətənpərvərlik hisslərini və duyğularını qabardır.
“İlham Əliyev 15 il ərzində ölkəmizin iqtisadiyyatını inkişaf etdirib”
“Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında Prezident İlham Əliyev 15 il ərzində ölkəmizin iqtisadiyyatını əhəmiyyətli dərəcədə inkişaf etdirə bilib. Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşdırılması naminə Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük layihələrin həyata keçirilməsi və bu yöndə daha əhəmiyyətli niyyətlərin ortada olması, eləcə də, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması kompleks halda Azərbaycanın yeni imicini formalaşdırıb. Gündən-günə Azərbaycanın bu imici daha da zənginləşir, müasir dövrün tələblərinə uyğunlaşır və beləliklə də, gözlərimizin önündə yeni müasirləşən, modernləşən, müasir dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan formalaşıb. Bütün bunların hamısı Azərbaycanın bugünkü reallığı və siyasi həyatının gerçəkliyi olaraq vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, vətəndaşlar indiki reallıqları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev siyasətinin bilavasitə nəticəsi kimi qəbul edirlər. Prezident İlham Əliyev bundan sonra da Azərbaycanın inkişafı naminə müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirəcək”.
“O, Heydər Əliyevin yolunu uğurla davam etdirir”
Ölkəmizdə gedən böyük və sürətli inkişaf, Azərbaycan xalqının maddi-mənəvi həyatındakı yüksəliş, Azərbaycanın dünya dövlətləri içərisində tanınması, öz yerini möhkəmlətməsi, beynəlxalq aləmdə Azərbaycanın qazandığı uğurların əksəriyyəti Azərbaycan Prezidentinin adı ilə bağlıdır: “Çox hörmətli Prezidentimiz İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Ona can sağlığı, ailə səadəti, xoşbəxtlik və başçılıq etdiyi Azərbaycanımızın daha xoş günlərinin gələcəyi üçün fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Ulu öndərimiz Heydər Əliyev müstəqil Azərbaycanın banisi, yaradıcısı olmaqla bərabər, onun gələcək inkişafı üçün özünün, demək olar ki, bütün həyatını həsr etdi. Öz dövründə Azərbaycanın xoşbəxt gələcəyi üçün hər nə vardısa həyata keçirdi və müəyyən etdiyi yolu - Heydər Əliyev yolunu bizim hörmətli Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. O yol Azərbaycan xalqının xoşbəxtlik, səadət, ölkəmizin inkişaf yoludur, dünya dövlətləri içərisində ölkəmizin tanınması, Azərbaycan insanının müasir zəmanəmizin ən qiymətli insanı olmasına aparan yoldur. O yol bu gün uğurla davam edir. Həm iqtisadi, həm siyasi böhranlar içərisində çarpışan dünyamızda hər tərəfdən idarəedicilərin, dövlət başçılarının, siyasətçilərin gözü Azərbaycana dikilir, bizim nümunəmizi götürürlər, bizdən öyrənmək istəyirlər. Bütün bunların hamısının səbəbkarı hörmətli Prezidentimiz İlham Əliyevdir. Bu mübarək gündə xalqımızın səadəti, ölkəmizdə elmin, mədəniyyətin, incəsənətin, milli varlığımızın daha yüksək sürətdə davam etməsi, iqtisadiyyatımızın yüksəlməsi, Azərbaycan insanının maddi rifah halının yaxşılaşması üçün çox keşməkeşli, əzablı, çətin yolda ona uğurlar olsun. Allah hörmətli Prezidentimizə can sağlığı versin! Uzun ömür, xoşbəxtlik arzulayıram”.