Yevlax regional qeydiyyat, imtahan, və texniki baxış şöbəsi.
Ölməz Ümummilli Liderimiz Heydər Əliyev cənablarının memarı olduğu Yeni Azərbaycan Respublikamızda onun layiqli davamçısı Zati-aliləri cənab İlham Əliyevin ciddi nəzarəti və səyi nəticəsində hər bir sahədə quruculuq işləri aparılmaqla məsuliyyət günü-gündən artır. Ən diqqəti cəlb edən sahələrdən biri də Nəqliyyatın idarə olunması sahəsidir. Heç də gizli deyil ki, səriştəsizlik üzündən Respublikamızın bölgələrində gün ərzində nə qədər avtomobil qəzaları baş verir, bədbəxt hadisələrlə üzləşirik. Respublikamızda vətəndaşlara sürücülük peşəsini öyrətmək üçün xüsusi kurs və cəmiyyətlər açılmışdır. Orada sürücülük peşəsi öyrənib imtahan verən vətəndaşlar vəsiqəni ala bilirlər. Və yaxud vətəndaşların nə qədər xüsusi avtomobilləri varsa, onları qeydiyyatdan keçirmək və sistifadəyə yararlığını yoxlamaq üçün Daxili İşlər Nazirliyinin Baş Yol Polis İdarəsinin Qeydiyyat İmtahan və Texniki baxış şöbələri və bu şöbələrdə məzunların biliyi yoxlanıb, onlara sürücülük vəsiqəsi verilir və ya avtomobilləri qeydiyyatdan keçirilir.
Bu şöbələrdən biri də Yevlax rayonundakı şöbədir. Bu yaxınlarda Yevlax rayonunun Qeydiyyat İmtahan və Texniki baxış şöbəsində oldum. Şöbəyə daxil olduqda foyedə xeyli adam var idi. Qeydiyyatdan keçməyə gəlmiş, kimisi avtomobilini texniki baxışa gətirmiş, kimisi imtahan verib vəsiqə almağa gəlmişdir.
Mən şöbənin rəis müavininin məsul işçilərindən biri olan Yusif İsmayılovla görüşdüm. O, məni xoş-beşlə qəbul etdi. Nabələd olduğum üçün bütün suallarıma səmimi cavab verdi: Belə bir insanla söhbət edərkən hər hansı bir məqsədlə gəldiyin üçün keçirdiyim həyəcan da yox olub gedir.
Kim olsa, dindirər böyük hörmətlə,
Baxar sənədinə bir-bir diqqətlə,
Səhv tapsa, danışmaz heç vaxt hiddətlə,
Səmimi danışar Yusif müəllim
Deyər: ”Sənədində qüsur var, müəllim”.
Sonra texniki baxış şöbəsinə rəhbərlik edən Elşən müəllimin yanında oldum. Ondan texniki baxışın aparılması və imtahanların gedişi haqqında soruşduqda,həqiqətən məlum oldu ki, hər şey öz qaydasında aparılır. Sənədlər düz deyilsə, məzun imtahanda bilmirsə, avtomobil tələb olunan qaydada saz deyilsə, nə qeydiyyat aparılmır, nə sürücülük vəsiqəsi verilmir, nə də avtomobil texniki baxışdan keçirilmir.
Elşən müəllim onu da qeyd etdi ki, bizim rəisimiz Vüsal Mirzəyev heç bir qanun pozuculuğuna yol vermir. Bundan sonra şöbənin rəisi Vüsal Mirzəyevlə görüşmək qərarına gəldim.
Dedi: ”Çox ciddidir burdakı qayda,
Yaxşı bilmirsənsə, axı nə fayda. -
Axırda bir kimsə çatammaz dada,
Heç bir sənəd verməz Vüsal müəllim”.
Vüsal müəllimlə xüdahafizləşib çölə çıxdım. Bir neçə nəfərlə söhbət etdikdə doğrudan da, Vüsal müəllimin ciddi rəhbər olduğundan danışdılar:
2 / 2
Dedilər ciddidir imtahan anı,
Kim verə bilməsə imtahanını
Almaz vəsiqəsin çıxsa da canı
Deyər: - get öyrən gəl – Vüsal müəllim.
Vüsal müəllimlə görüşdükdə belə bir səmimi, mehriban insanın işdə məsuliyyətli və ciddi olmasına məəttəl qaldım.
Onunla söhbət zaman onun haqqında deyilənlərin doğru olduğunun tövbə şahidi oldum. O dedi ki, əsasən Texniki baxış zamanı diqqətli olmaq lazımdır, bütün qəzaların çoxusu avtomobilin nasazlığından baş verir. Texniki baxış zamanı azacıq qüsuru olan avtomobilləri qeydiyyatdan keçirmirlər. Bu həqiqətən yaranmışların əşrəfi olan insanın canını qəzadan qorumaqdır.
Burda hər bir işçi dəqiqdən-dəqiq,
Qanuni işləyir, sanki bir Fəqih
Gördükləri işlər səhihdən-səhih
Yoxlayır hər işi, hər an müəllim
Nurlan, Yusiflə Elşən müəllim!
Deyirlər: “Maşının deyildirsə, saz
Çox da kı bilirsən, sürməyə az-maz,
Sürmə! Əzrayılla oynamaq olmaz” –
Nurlan, Yusiflə Elşən müəllim.
Sağ olsun qəzadan qoruyur bizi
Bilmədən verməyiz vəsiqəmizi,
Hər işdə axtarır həmişə düzü
Nurlan, Yusiflə Elşən müəllim.
Xudahafizləşib çıxanda onlara bu çətin və məsuliyyətli işlərində uğur dilədim. Evə qayıdandan sonra yuxarıda beynimdə keçənləri yazmağa qərara aldım.
Nəriman Məhərrəmov
Xüsusi müxbir